“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələri “Naxçıvanqala” Tarix-Memarlıq ­Muzey Kompleksində olmuşlar.

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələri “Naxçıvanqala” Tarix-Memarlıq ­Muzey Kompleksində olmuşlar.

 

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin ­mədəniyyət və memarlıq nümunələri yaradılmışdır. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. Qala yalnız müdafiə məqsədi daşımamış, eyni zamanda burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilmişdir. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılmış, qalanın əvvəlki ­görkəmi özünə qaytarılmışdır. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” ­Tarix-Memarlıq Muzey Kompleksi yaradılmışdır. Muzeydə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir. 
Nuh Peyğəmbərin məzarüstü türbəsinə baxış zamanı qeyd olunmuşdur ki, türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 28 iyun tarixli “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki ­məzarüstü türbəsinin bərpa edilməsi haqqında” Sərəncamına əsasən bərpa edilmişdir. Qonaqlara türbənin tarixi haqqında ətraflı məlumat verilib.

Həmin gün qonaqlar Naxçıvan şəhərində inşa olunan yeni məscid binası ilə də tanış olmuşlar. Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərin qorunub-yaşadılması və təbliği istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublika ərazisindəki dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam ­Mədəniyyətinin Paytaxtı seçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirmişdir. Məscid binası ibadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün mədrəsədən və kitabxanadan ibarət olacaqdır. Hazırda məsciddə tikinti işləri aparılır. 15 günbəzli məsciddə eyni vaxtda 5 min nəfər ibadət edə biləcəkdir.
Daha sonra Ali Məclisin Sədri və qonaqlar Naxçıvan Biznes Mərkəzində də olmuşlar. Qonaqlara mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, mərkəzdə muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri sərgilənir. Həmçinin burada müxtəlif tədbirlər, biznes forumlar, işgüzar görüş və konfranslar keçirilir. Sərgi salonunda 94 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkar­lar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.

Naxçıvanla tanışlıq zamanı “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi də ziyarət edilmişdir. Qeyd olunmuşdur ki, Naxçıvanın ən qədim tarixə malik özünəməxsus və təkrarsız abidələri içərisində ­Əshabi-Kəhf ziyarətgahının xüsusi yeri var. Əshabi-Kəhfdən dünya müsəlmanlarının dini kitabı olan “Qurani-Kərim”in “Əl-kəhf” surəsində ayrıca bəhs olunması bu qədim ziyarətgahın Quranaqədərki dövrdə tanınmasının və məşhurlaşmasının daha bir sübutudur. Ulu öndərin 1998-ci ildə Əshabi-Kəhfin abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi, xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir. Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm marşrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Bu gün “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilib. Təkcə bu ilin ötən dövründə ­ 20 mindən artıq yerli və xarici qonaq bu möcüzəvi məkanı ziyarət etmişdir. 
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinin iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzinə gəlmiş, mərkəzin fəaliyyəti ilə tanış olmuşlar.
Bildirilmişdir ki, duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. 600 yerlik xəstəxanada temperatur sabitdir. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə xəstə­xanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzdə dünyanın bir çox ölkələrindən haliyədə 400-ə yaxın xəstə müalicə olunur.