“Naxçıvan” Universitetində keçirilən konfrans Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, AMEA Naxçıvan Bölməsi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və “Naxçıvan” Universiteti tərəfindən təşkil edilib.
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində və Naxçıvan Muxtar Respublikasının Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın 2018-ci il üçün iş planının icrası ilə əlaqədar olaraq keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “İslam dini və ailə dəyərləri: dövlət siyasətinin tərkibi kontekstində” mövzusunda çıxış edib. Bildirib ki, ailə dəyərlərinə və cəmiyyətin dini-mənəvi ehtiyaclarına son dərəcə qayğı ilə yanaşan ümummilli lider ölkəmizə rəhbərliyinin hər iki dövründə ailə siyasətinin formalaşdırılmasına xüsusilə diqqət yetirib, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib, möhkəm qanunvericilik bazasının yaradılmasına böyük töhfə verib. Reallaşdırılan məqsədyönlü siyasət nəticəsində ölkəmizdə milli dəyərlərimizə əsaslanan ailə modeli qorunub saxlanılıb.
Ulu öndərin əsasını qoyduğu siyasi xətt bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Vurğulanıb ki, qədim diyarımızda da ailə siyasəti uğurla həyata keçirilir. Belə ki, ailə institutunun cəmiyyətdəki mövqeyinin daha da möhkəmləndirilməsi, ailələrin rifah halının yaxşılaşdırılması, möhkəm təməlli ailə ənənələrimizin qorunub saxlanılması ilə bağlı konkret işlər görülür. Bütün bunların təməlində ailə dəyərlərimizə bağlılıq dayanır.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “İslam dinində qadının statusu və uşaqların tərbiyəsində rolu” mövzusunda çıxış edərək bildirib ki, bütün şəxsi, mənəvi, əxlaqi keyfiyyətlər öncə ailədə formalaşır. Ailədə kişinin və qadının özünəməxsus rollarını və funksiyasını qeyd edən akademik, eyni zamanda gələcək nəslin tərbiyəsinin və hansı dini daşımasının daha çox qadından asılı olduğunu bildirib. İslam dinində qadının statusundan və uşaqların tərbiyəsində onun rolundan ətraflı bəhs edib.
“İslam dinində ailə dəyərləri: ailəyə baxış və ailənin təşəkkül tapması” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev diqqətə çatdırıb ki, dinimizdə ailə institutuna böyük əhəmiyyət verilir. İslamda evlilik kişi ilə qadının başqalarının təyziqi olmadan öz iradələri ilə reallaşdırdıqları əqd sayılır. Qarşılıqlı razılıq əsasında qurulan ailə daha möhkəm olur.
Daha sonra isə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “İslam dinində valideynə hörmət məsələsi”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun “İslam düşüncəsinə görə Azərbaycan atalar sözlərində ailə və onun günümüzdəki ailədə təzahürləri”, “Naxçıvan” Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun “Naxçıvanın görkəmli İslam alimləri”, həmin universitetin müəllimi Bəhruz Gülmalıyevin “İslam dinində ailə məsələsi: gənclərin üzərinə düşən vəzifələr” mövzularında çıxışları dinlənilib.