Turist marşrut və zonaları
Naxçıvan-Gəmiqaya turist marşrutu
Gəmiqaya ilk insan məskənlərindən biridir və Zəngəzur silsiləsinin su ayrıcında yerləşir. Hündürlüyü 3725 metrdir. Gəmiqayanın adı Nuh əfsanəsi ilə bağlıdır. Burada e.ə 3-1-ci minilliklərə aid qayaüstü rəsmlər - piktoqramlar (qədim yazılar) var.
Arxeoloqlar burada qayaüstü rəsmlərin həkk olunduğu ərazidə qədim Azərbaycan (Naxçıvan) tayfalarının yurd yerlərinin qalıqlarını aşkara çıxarılmış, müəyyənləşdirilmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olub. Nuhun gəmisi Gilançayın yuxarı axarındakı Gəmiqayada lövbər salmışdır. Rəvayətə görə, gəminin qalıqları indi də buradakı “Ayı çuxuru” deyilən yerdə qalmaqdadır. Digər rəvayətə görə isə, Nuhun qəbri Naxçıvandadır. Naxçıvanda “Nuhdaban” adlı qədim kəndin xarabalığı, Nəhəcir (güman ki, qədim adı Nuhəcir) dağı və kəndi var. XVI əsr ərəb coğrafiyaşünası Əl-Əşrəfi də Nuhun gəmisinin və qəbrinin Naxçıvanda olduğunu qeyd edir. Bundan belə bir qənaətə gəlmək olar ki, əfsanə qədim Naxçıvanla və ona yaxın ərazi ilə bağlı yaranmışdır. Bəhruz Kəngərli yağlı boya ilə “Nuhun qəbri” rəsmini çəkmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 5 may tarixli Sərəncamı əsasında “Gəmiqaya” Tarix - Bədii Qoruğu yaradılmışdır. Burada muzey fəaliyyət göstərir.
Naxçıvan-Əlincəqala turist marşrutu
Culfa rayonunda, Əlincəçayın sağ sahilində və eyniadlı dağın zirvəsindədir. Qədim mənbələrdə “Erincaq”, “Erincik”, “Alancik”, “Alınca”, “Alancuq” və s. kimi qeyd olunur.
Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud” dastanlarında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Əlincəqala özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin, mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl özünün qeyri-adi görünüşü ilə insanı heyrətə gətirir. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır.
Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Əlincəqalada feodallara məxsus gözəl saray və binaların qalıqları hələ XIX əsrə aid ədəbiyyatda təsvir olunmuşdur. Qalada vaxtilə ilxı və mal-qara saxlamaq, 600-ə qədər döyüşçünü öz atı və başqa hərbi sursatı ilə birlikdə yerləşdirmək mümkün idi. Azərbaycan Atabəyləri–Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Əlincəqala tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən burada bərpa işləri aparılır və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılmışdır.
Naxçıvan-Əshabi-Kəhf turist marşrutu
Naxçıvan şəhərindən təqribən 12 km məsafədə yerləşən dini ziyarətgahdır. Ziyarətgah yaxınlıqdakı Haçadağ və Nəhəcir dağlarının arasında hündürlüyü 1665 metr olan dağda yerləşir.
Əshabi - Kəhf ziyarətgahı ən qədim zamanlardan müqəddəs yer, ulu Tanrıya inam, ümid bəsləyən, ilahi gücünə inanan insanların səcdəgahı kimi tanınır. Əhəmiyyətinə və zəvvarların ziyarətinə görə bu müqəddəs yer ərazidə birinci ziyarətgah hesab olunur. Ziyarətgah Naxçıvan Muxtar Respublikasında olduğu kimi, həm də Azərbaycanın digər bölgələrində və Yaxın Şərq ölkələrində də tanınır. Əshabi - Kəhf ərəb dilində “mağara adamları” deməkdir və Qurani-Kərimin “Kəhf” surəsində əksini tapmış əfsanəyə görə təkallahlığa inanan gənclər bütpərəst hökmdarın zülmündən və təqibindən yaxa qurtarmaq üçün birlikdə mağarada gizlənirlər. Onlar orada bilmədən 309 il yatırlar. Allah onları həmin müddətdən sonra oyatdıqda gənclər dünyanın, dövran və zamanın dəyişdiyini görüb Allahdan yenidən əbədi yuxuya getmələrini istəyirlər və hər biri qayaya söykəndiyi kimi də qeyb olurlar.
Qurani - Kərimin “Kəhf” surəsində yazılan bu hadisə Naxçıvan ərazisində Əshabi - Kəhflə bağlı yayılmış əfsanə və rəvayətlərdə də öz əksini tapmışdır. Aparılmış tədqiqatlar, araşdırmalar sübut edir ki, Qurani - Kərimdə adı çəkilən Əshabi - Kəhf Naxçıvandadır.
Ötən min illərdə olduğu kimi bu gün də Əshabi - Kəhf ziyarətgahı insanların müqəddəs bildiyi yerlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində "Əshabi-Kəhf ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksində abadlıq işləri aparılmışdır.
Naxçıvan-Ordubad turist marşrutu
Naxçıvan Muxtar Respublikasının böyüklüyünə görə ikinci şəhəridir. Bəzi mənbələrə görə şəhərin əsası V-VI əsrlərdə qoyulmuşdur. Şəhər dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Onun qədimliyi, çox sayda tarixi abidələrin mövcudluğu, yeni tikililərin onun xarici simasını demək olar dəyişdirmədiyi, sakinlərin qorunub-saxlanmış həyat tərzi səbəbi ilə, Ordubad şəhəri dövlət tarix memarlıq qoruğu elan edilmişdir.
Tarixi abidələri: Came məscidi, Dilbər məscidi, Əfqan qalası, XVII əsrə aid Qeysəriyyə tarixi memarlıq abidəsi, XVIII əsr buzxanası və məscidi, ikimərtəbəli mədrəsə və s. Burada zəngin ekspozisiyası olan tarix-diyarşünaslıq muzeyi, xalq teatrı, Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyan yazıçı Məmməd Səid Ordubadinin, akademik Yusif Məmmədəliyevin və görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin ev-muzeyləri fəaliyyət göstərir.
Ordubadda turistləri qəbul etmək üçün şəraiti olan evlər çoxdur.
Naxçıvan-Qarabağlar turist marşrutu
Kəngərli rayonunun Qarabağlar kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsidir. Memarlıq kompleksinə daxil olan türbədən başqa burada qoşa minarə və onların arasında yerləşən dini bina qalıqları var. Qoşa minarənin XII əsrin sonu-XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatının adı yazıldığından, onun Quti xatının şərəfinə tikildiyi ehtimal edilir. 1928-ci ildə “Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin elmi katibi M.Mirheydərzadə qoşa minarəli baştağın kitabəsində ərəb dilində bu sozlərin yazıldığını müəyyən etmişdir: “Allahın bu nişanəsi türkman Quti xatındır”. Sərdabə və yerüstü hissədən ibarət Qarabağlar türbəsində qülləvarı türbələrin əsas xüsusiyyətləri əks olunmuşdur. Daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindrik çıxıntı Qarabağlar türbəsinin yerüstü kompozisiyasını əmələ gətirir. Qarabağlar türbəsinin səthi qırmızı və firuzəyi kaşılı kərpiclə örtülmüş həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Kitabələrin mətni şaquli qoyulmuş firuzeyi kaşılı kərpiclərdən, üfüqi düzülmüş kaşısız qırmızı kərpiclərdən tərtib olunmuş və kərpic vasitəsilə düzəldilən dəfələrlə təkrarlanan rombların içərisində yazılan “la ilahə illəllah Məhəmmədən Rəsulallah” (Allahdan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur!) Qarabağlar türbəsinin kompozisiya xüsusiyyəti 4 baştağlı olmasıdır. Baştağların səthi kaşı ilə örtülmüş, həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Qarabağlar turbəsinin konus şəklində olmuş yuxarı günbəzi və müvafiq kitabələri dağıldığından türbənin tarixini dəqiq təyin etmək mümkün deyildir. Lakin bütün tədqiqatlar türbənin XIV əsrin əvvəllərində tikildiyini göstərir. Qarabağlar türbəsi ilə Bərdə türbəsinin oxşarlığına və hər ikisinin XIV əsrin əvvəllərində tikilməsinə əsasən bu abidələrin eyni memarlıq məktəbinə aid olduğu, hətta Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndəsi, Bərdə türbəsinin müəllifi Əhməd Əyyub oğlu Hafiz Naxçıvani tərəfindən inşa edildiyi ehtimal edilir.