Təbiəti

Naxçıvan Muxtar Respublikası Zaqafqaziya yaylasının cənub-şərqində yerləşir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metrdir.   

Muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələri əhatə edir. Ən hündür zirvəsi Qapıcıq dağıdır (3904 m). Ərazinin 1/3-i Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Kəngərli, Naxçıvan, Culfa, Ordubad) təşkil edir. 200-dən çox mineral su bulağı (Darıdağ, Badamlı, Sirab, Vayxır və sair) var. İllik yağıntı Arazboyu düzənliklərdə 200-300 mm, yüksək dağlıq yerlərdə 500-800 mm-dir. Muxtar respublikada ümumi uzunluğu 1,8 min km olan 400 böyük və kiçik çay vardır. Naxçıvan Muxtar Respublikasında iqlim tipi əsasən quraq və kontinentaldır. Florası çox zəngindir. 2782 ali bitki növü vardır və zəngin heyvanlar aləminə malikdir.

Çayları - Başlanğıcını Türkiyə ərazisindən götürən, Naxçıvanın Türkiyə və İran İslam Respublikası ilə sərhəddini təşkil edən Araz çayı Naxçıvandan keçən ən böyük çaydır. Naxçıvan Muxtar Respublikası ərazisində 400-ə yaxın çay və çay qolları var. Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay muxtar respublika ərazisində böyük çaylar hesab olunur.

Gölləri - Naxçıvan Muxtar Respublikasının təbii gölləri əsasən Naxçıvançayın və Gilançayın hövzələrinə aiddir. Qanlıgöl, Batabatgöl, Salvartıgöl, Göygöl muxtar respublikanın əsas təbii göllərindəndir. Muxtar respublikanın çayları üzərində Heydər Əliyev Su Anbarı, Araz, Arpaçay, Bənəniyar, Nehrəm, Uzunoba və s. su anbarları yaradılmışdır.

Mineral suları - Azərbaycanın mineral su ehtiyatının 60%-i Naxçıvan Muxtar Respublikasının payına düşür. Muxtar respublikanın 5,5 min km2-lik sahəsində 250-dən artıq mineral su mənbəyi qeydə alınmışdır. "Badamlı", "Sirab", "Vayxır", "Gülüstan" və "Narzan" mineral suları dünyada məşhurdur.   

"Badamlı" - Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1,400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 milyon litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. "Badamlı-5" iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur. Bu su kurort şəraitindən kənarda həzmetmə orqanları xəstəliklərinin müalicəsində əvəzedilməzdir.

 

 

 

 

"Sirab" - "Borjomi" növlü məşhur müalicə-süfrə suyudur. Bu su karbonatlı, hidrokarbonat-natrium-kalsium, ümumi minerallığı 2,0-2,7 q/l tərkiblidir. "Sirab"da dəmir, brom və silisium turşuları, litium, stronsium aşkar edilmişdir. İstifadə olunan mənbələr əsasında xoşagəlimli dada malik "Sirab-12" müalicə-süfrə suyu doldurma zavodu fəaliyyət göstərir. Bu su mədə-bağırsaq yollarının xəstəliyi, eləcə də maddələr mübadiləsinin pozulması zamanı qəbul olunur. Suyun mənbəyi tunc dövrünə aid "Daşqala" memarlıq kompleksi ilə məşhur olan Sirab kəndinin yaxınlığında yerləşir.

 

 

 

 

 

"Vayxır" - Yesentuki növlü karbonatlı, duz-qələvili suların olduqca zəngin yatağı olub, Naxçıvan şəhərindən 17 km şimalda dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. Qazılmış quyuların gündəlik debiti 2 milyon litrdən çoxdur. Bu su karbonatlı, xlor-hidrokarbonat-natrium, ümumi minerallaşması 6,5 q/l tərkiblidir. Həzmetmə orqanlarının xəstəlikləri, xroniki qastrit, maddələr mübadiləsinin pozuntusu (şəkərli diabet, qastrit, diatez, oksalanturiya) zamanı istifadə edilir.

"Darıdağ" - karbonatlı mərgümüşlü mineral suların təbiətdə az təsadüf edilən nadir mənbəyidir. Culfa şəhərindən 8 km şimalda yerləşmişdir. Kəşf olunmuş ehtiyatları 500 m3-dir. Yüksək minerallaşmaya malik (temperaturu- 52°S)-21 q/l, karbonatlı CO2 -1,5 q/l xlor-hidrokarbonat-natrium tərkiblidir. Tərkibində eyni zamanda xeyli dərəcədə bor, yod, brom, stronsium və litium vardır. Mədə-bağırsaq, oynaq xəstəlikləri zamanı içmək məsləhət görülür. Periferik sinir sistemi xəstəlikləri zamanı vanna qəbul etmək üçün əvəzedilməz əhəmiyyətə malikdir.

 "Nəhəcir" - Naxçıvan şəhərinin şimal-şərqində yerləşən müalicəvi əhəmiyyətli kurort yeridir. Nəhəcir dağının yamaclarında yerləşmişdir. Kurort ehtiyatlarının əsasını karbonatlı (1,3 q/l azad karbonat), dəmir hidrokarbonat-natriumlu, minerallaşma dərəcəsi 6 q/l olan su mənbələri təşkil edir. Həzm orqanlarının xəstəliyi, qan azlığının müalicəsi zamanı içilməsi gözəl nəticələr verir.

"Batabat" - Naxçıvan şəhərindən 62 km şimal-şərqdə Kiçik Qafqazın yamaclarında, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşən müalicə əhəmiyyətli iqlim kurort zonasıdır.

İqlim subtropikdir, qarlı, mülayim qışı, quru, çox da isti olmayan yayı vardır. İqlim şəraitilə yanaşı (aerohelioterapiya əsas müalicə vasitəsi karbonatlı, hidrokarbonatlı, kalsium-natrium-maqnezium, minerallaşma dərəcəsi 0,5 q/l olan sulardır. Bu su mədə-bağırsaq xəstəliklərinin müalicəsi zamanı içilir. Mülayim iqlimi, şirin suyu olan göl, mənzərəli görkəmi və alp çəmənliklərinə məxsus zəngin bitki aləmi insan orqanizminə xoş təsir göstərir.

 

"Gömür" - yüksək dağüstü iqlim stansiyasıdır. O, Naxçıvan şəhərinin 75 kilometrliyində dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir. Burada karbonatlı duz-qələvi tərkibli olduqca zəngin mineral su yataqları aşkar edilmişdir. Bu yerin iqlimi mülayim-soyuqdur, qışı yumşaq, yayı sərin keçir. Gömür istirahət zonası sinir sisteminin funksional xəstəlikləri, yorğunluq, mədə-bağırsaq və tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün xüsusilə əlverişlidir.

"Şərur" - Şərur bulaqları Sədərək kəndinin cənub-qərbində, şosse yolunun yaxınlığında yerləşir. Bulaqların gücü (gündəlik debiti 1 mln. litrdən artıq), suyun karbonatlı hidrokarbonat-xlor-natriumlu və nadir mikrokomponentli kompleksli tərkibi burada müalicə kompleksinin tikilməsi üçün əsas verir.

Naxçıvan diyarının zəngin mineral suları dünya bazarlarında üstünlük qazanmaq imkanlarına malikdir.

İqlimi - Naxçıvanın iqlimi kəskin kontinentaldır. Ordubad rayonu ərazisində quru subtropik iqlim tipinə rast gəlinir. Mütləq minimum temperatur -310C (Dərvişlər), mütləq maksimum temperatur 440 C-dir (Culfa).


     

                                                                           Muxtar Respublikanın iqlimi 5 tipə ayrılır:

        1. Yayı quraq keçən mülayim-isti yarimsəhra və quru çöl iqlimi – Arazboyu düzənlikləri və qismən alçaq dağlıq sahələri (600-1100 m) əhatə edir. Burada orta illik temperatur 10-140 C, orta illik yağıntı 300 mm-dək, mümkün buxarlanma 1200-1400 mm-dir.
        2. Qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi – alçaq dağlıq qurşağın yuxarı, orta dağlıq qurşağın aşağı hissəsini (1100-1600 m) əhatə edir. Orta illik temperatur 8-100 C, orta illik yağıntı 300-350 mm, mümkün buxarlanma 800-1100 mm-dir.
        3. Yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlimi – orta dağlıq qurşağın yuxarı, yüksək dağlıq qurşağın aşağı hissəsini (1600-2600 m) əhatə edir. Orta illik temperatur 6-100 C, orta illik yağıntı 400-800 mm arasında dəyişir.
        4. Yayı quraq və sərin keçən soyuq iqlim – yalnız Zəngəzur silsiləsinin cənub-qərb yamacında, yüksək dağlıq qurşağın mərkəz zolağında, 2600-3200 m yüksəklikdə yayılmışdır. Orta illik temperatur 1-30 C-dir.
        5. Dağlıq tundra iqlimi – ərazinin yüksək dağ zirvələrini (3200 m-dən yuxarı) əhatə edir. Orta illik temperatur 3-80 C-dir.
        Ərazidə mütləq minimum temperatur -310 C (Dərvişlər), mütləq maksimum temperatur 440 C-dir (Culfa); bu eyni zamanda Azərbaycan Respublikası ərazisində ən alçaq və ən yüksək temperaturlardır.Küləyin orta illik sürəti 2/4 m/san-dir. İllik yağıntı Arazboyu düzənliklərdə 200-300 mm, yüksək dağlıq yerlərdə 500-800 mm-dir.

Flora və faunası - Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikası ərazisinin 6,2 %-ni təşkil etdiyi halda, növ müxtəlifliyinə görə florası ölkə florasının 60%- ə yaxınını, faunası isə 56%-i təşkil edir. Dünyada olan 11 iqlim qurşağından 7-nə Naxçıvan Muxtar Respublikasında rast gəlinir. Naxçıvan Muxtar Respublikası ərazisində 3000-ə yaxın bitki növü, 373 heyvan növü, 226 quş növü var. Muxtar respublikadakı Ordubad Dövlət Yasaqlığı, Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu və Arazboyu Dövlət Təbiət Yasaqlığında nadir fauna və flora növləri qorunur.

Naxçıvan Muxtar Respublikasının ərazisi zəngin flora və rəngarəng bitki örtüyünə malikdir. Muxtar respublikanın florası Azərbaycanın digər botaniki-coğrafi rayonlarına nisbətən zəngindir. Bu regionda ali bitkilərin 2782 növünə rast gəlinir; onlar da 773 cins və 134 fəsilədə cəmlənmişdir. Bu növlərdən 68-i mədəni halda becərilir. Yabanı bitkilərin 123 fəsiləsi və 697 cinsi mövcuddur. Arazboyu düzənliklərdə 732 növ, orta dağlıqda 1326 növ, yüksək dağlıqda isə 640 növ floraya rast gəlinir. Muxtar Respublika ərazisində aşağıdakı bitki örtüyü və onun tipləri ayrılır: səhralar və yarımsəhralar; friqanoid və bozqır bitkiliyi; dağ çəmənləri və bozqırları; hündür otluq, subalp və alp çəmənləri, alp xalıları; meşələr, oazislər, çaykənarı meşəciklər; çöküntü və qaya bitkiliyi, su-bataqlıq bitkiliyi.
Muxtar respublikanın ərazisi təbii şəraitinə və heyvanlar aləminin zənginliyinə görə Azərbaycanın digər bölgələrindən fərqlənir. Burada olan heyvanların növ tərkibi və miqdarı Azərbaycan faunasının 60-80%-ni təşkil edir. Muxtar Respublikanın heyvanlar aləmi XIX əsrin 2-ci yarısından başlayaraq tədqiq olunur. Alimlər Naxçıvan ərazisində 813 kəpənək növü, 134 növ sovka, 4 növ qulağagirən, 3 növ yüyürük, 4 növ dəvədəlləyi, 67 növ düzqanadlı, 75 növ cırcırama, 480 növ yarımsərtqanadlı qeydə alınmışdır.
Muxtar respublikanın çay və göllərində sümüklü balıqlar sinfinə daxil olan 29 növ balıq aşkara çıxarılmışdır.
Naxçıvan Muxtar Respublikasında suda-quruda yaşayanların 6 növü, sürünənlərin 19 növü var.  
Azərbaycanda qeydə alınmış 366 növ quşun yarıdan çoxuna (218 növ) bu ərazidə rast gəlinir.Ərazidə məməlilərin 61 növü məlumdur. Muxtar respublikada yayılan 350 növ onurğalı heyvanlardan 45 növü “Qırmızı kitab”a salınmışdır.