Sənətkarlıq

Qədim xalq sənəti sahələri olan dulusçuluq, metalişləmə, misgərlik, daşişləmə, ağacişləmə, toxuculuq, zərgərlik və s. Eneolit və İlk Tunc dövrlərindən məlumdur. Naxçıvanda əkinçiliyin, maldarlığın intensiv inkişafı sənətkarlığın təkamülünə imkan yaratmışdır.Mədəni tələbatın artması bəzək əşyalarının düzəldilməsi, hətta əmək alətlərinin, məişət avadanlıqlarının, silahların müəyyən hissələrinin gözəl bədii tərtibatla hazırlanması ilə nəticələnmişdir. Arxeoloji qazıntılar nəticəsində qədim yaşayış yerlərindən (I və II Kültəpə, Sədərək, Maxta, Ovçular təpəsi, Daşarx, Qızılburun, Şahtaxtı, Qarabağlar, Külüs, Kolanı və s.) müxtəlif əmək alətləri və zəngin sənətkarlıq nümunələri, bəzək və məişət əşyaları aşkara çıxarılmışdır. Araz çayının sol sahilində yaşamış qədim tayfalarm sosial həyat tərzi, dini-ideoloji dünyagörüşləri, inamları və adət-ənənələri bu dövrün sənətkarlığında öz əksini tapmışdır. 

Naxçıvanın Tunc dövrü mədəniyyəti üçün səciyyəvi sayılan yüksək ustalıqla hazırlanmış bədii tərtibatlı boyalı gil qablar (bu dövrdə Naxçıvanda bir sıra xüsusiyyətləri ilə fərqlənən Boyalı qablar mədəniyyəti təşəkkül tapmışdır), rəngarəng motivli bəzəklər, həmçinin tunc və gümüşdən nəfis zərgərlik məmulatı, qızıl bəzək əşyaları, müxtəlif minerallardan hazırlanmış muncuqlar, metal, ağac, sümük, gil və daşdan zərif sənətkarlıq əsərləri, gil və daş heykəlciklər buna parlaq subutdur. Qədim sənətkarlığın mühüm sahəsi olan dulusçuluq Naxçıvan ərazisində e.ə. IV minillikdə yaranmışdır. Arxeoloji materiallar göstərir ki, Eneoloit və Tunc dövrlərinə aid gil qablar dulus çarxında hazırlanmış və xüsusi kürələrdə bişirilmişdir. Dulus kürələrinin ən qədim qalıqları I Kültəpə yaşayış yerində aşkar olunmuşdur. Tunc dövrünə aid II Kültəpə yaşayış yerindən əl ilə, qismən də dulus çarxında hazırlanmış müxtəlif formalı sadə, həndəsi və nəbati naxışlar, insan, quş və heyvan təsvirləri ilə bəzədilmiş boyalı qab-qacaq (küp, küpə, kasa, badya, çölmək, vaza, çıraq və s.) məlumdur. Yüksək keyfıyyəti, rəngarəngliyi və çeşidli formaları ilə seçilən dulus qablarının bəzədilməsi, şüyrələnməsi, şirlənməsi və s. xalq sənətinin mühüm sahələridir. 

Naxçıvan dünyanın ilk qədim metal (mis) işləmə ocaqlarından biridir. I Kültəpənin ən qədim mədəni təbəqəsindən müxtəlif mis-mərgmüş, nikel-mərgmüş qatışığı olan alətlər və bəzək nümunələri əldə edilmişdir. Ordubad rayonunun Plovdağ nekropolundan çoxlu tunc sancaqlar, Kültəpədən Tunc dövrünə aid başı ilgəkli dörd sancaq, bıçaq parçası və s. tapılmışdır. Arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış materiallar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan da əmək aləti və bəzək hazırlamaq məharətinə malik olduqlarnı göstərir. Toxuculuq peşəsinə aid daşdan, sümükdən və gildən iy başlıqlarına, həmçinin çox zərif parça qalıqlarına rast gəlinmişdir. Orta əsrlərdə misgərlik, zərgərlik, ipəkçilik, xalçaçılıq kimi sənətlər xüsusilə vüsət almış, yüksək sənətkarlıq və zövq ilə hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik məmulatları şöhrət qazanmışdır. Bu sənətkarlıq məhsulları xarici bazarlara da ixrac edilirdi. Bədii metal ustası Osman ibn Salman Naxçıvaninin oyma naxışlarla bəzədilmiş bürünc dolçası (1190) Luvr (Fransa) muzeyində saxlanılır. 

Erkən orta əsrlərdən başlayaraq istehsal texnikası təkmilləşmiş, ipək istehsalında ayaqla hərəkətə gətirilən təkərli mancanaqlar (baramaaçan dəzgahlar), ipək karxanalarında mütəhərrik toxucu dəzgahları tətbiq olunmuşdur. Ordubad ipək parça istehsal edən əsas mərkəzlərdən biri idi. Azərbaycan ipəyi İraq, Kiçik Asiya, Suriya və Avropanın bir sıra ölkəsinə ixrac olunurdu. Culfa, Ordubad və Naxçıvanda bez istehsalı (bəzzazlıq) sənəti geniş yayılmışdı. Orta əsrlərdə xalçaçılıq sənəti də inkişaf etmiş, sonrakı dövrlərdə Naxçıvan əhalisinin məişət və iqtisadiyyatında mühüm yer tutmuşdur. Xalçaçılıq ənənələri bu gün də davam etdirilir.