Memarlıq

Naxçıvan diyarı qədim zamanlardan bəri nadir memarlıq nümunələri ilə Yaxın Şərqdə tanınmışdır. III minilliyin sonu - II minilliyin əvvəllərinə aid yaşayış məskənlərindən Naxçıvanın qədim memarlığına aid çiy kərpic və möhrədən inşa edilmiş bina qalıqları, Naxçıvan ərazisində möhtəşəm qala divarları, düzbucaqlı və yarımdairəvi bürclərlə əhatə olunmuş erkən şəhər yerləri (I və II Kültəpə, Govurqala, Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançı, Vayxır, Çalxanqala və s.) meydana gəlmişdir. Bu abidələr Azərbaycanın, eyni zamanda, Naxçıvanın Yaxın Şərqin yüksək inkişaf tapmış mədəniyyət mərkəzləri ilə əlaqələrini aşkara çıxarmışdır. Naxçıvanın ayrı-ayrı tarixi dövrlərə aid yaşayış məskənləri, siklop tikililəri, maddi mədəniyyət və memarlıq abidələri, qalaları, istehkamları, inşaat materialları, tikinti texnikası və s. öz zənginliyi ilə diqqəti cəlb edir.

Naxçıvan XII əsrdə qüdrətli Azərbaycan atabəyləri dövlətinin paytaxtı olaraq əzəmətli bir şəhər, Azərbaycanın siyasi, iqtisadi, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri idi. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmışdı. Çoxsaylı dini memarlıq abidələri və mülki binalar, zəngin ornamentlər və boyalarla bəzədilmiş əzəmətli məscidlər, türbələr, saraylar, karvansaralar, körpülər, qala və bürclər, mədrəsələr, bəzəkli yaşayış evləri, zəngin tərtibatlı hamamlar və s. inşa edilmişdi. Azərbaycanda orta əsr xatirə memarlığının ən geniş yayılmış tipi olan qülləvarı türbələrin yaradılmasında naxçıvanlı memarlar Əcəmi Əbubəkr oğlu və Əhməd Əyyub oğlunun böyük xidmətləri olmuşdur. Memar Əcəminin XII əsrin II yarısında Naxçıvanda ucaltdığı və dövrümüzədək salamat qalmış Yusif ibn Küseyir türbəsi və Möminə xatın türbəsi dünya memarlığında insan xatirəsini monumental biçimlərlə əbədiləşdirən ən uğurlu örnəklərdəndir. Təkcə Azərbaycanın deyil, islam ölkələrinin ən uca və ən incə kompozisiyalı türbələrindən olan Möminə xatın türbəsinin belə uzunömürlülüyü, öncə, onun mühəndis həllinin bitkinliyi ilə bağlıdır. Memar Əcəmi öz şah əsərində təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin təcrübəyə əsaslanan mühəndislik dühası göstərmişdir. Abidənin mükəmməl dayaq sistemi, xüsusilə sərdabəsinin tektonik quruluşu naxçıvanlı memarın öz çağında nə üçün "mühəndislər şeyxi" adlandırılmasının səbəbini əyani şəkildə izah edir. Əcəminin fəaliyyəti ilə Azərbaycan memarlığı tarixində Naxçıvan memarlıq məktəbi əmələ gəlmiş və formalaşmışdır. 

Naxçıvan memarlıq məktəbi dəqiq riyazi hesablama metodlarına əsaslanırdı. Abidələr dəqiq hesablanma və ölçmələr, planlaşma, yerləşmə, ornamentlərin və kitabələrin dəqiq düzülməsi əsasında tikilirdi. Abidələrin modul sistemi, mütənasiblik sxemləri, tağların və günbəzlərin quruluşu, səkkizkünc səthlərin dəqiq ölçüsü riyazi hesablamasız mümkün deyildi. Bu məktəbin təsiri ilə Yaxın Şərq ölkələrində bir sıra memarlıq kompozisiyaları yaradılmışdır. Naxçıvan memarlığı yalnız daş memarlıq abidələri ilə deyil, əsas inşaat materialı qırmızı bişmiş və bənövşəyi rəngli kaşılı kərpiclər olan abidələrlə də məşhurdur (İmamzadə memarlıq kompleksi və s.). Monqol istilaları nəticəsində əvvəlki əzəmətini itirmiş, Elxani hökmdarları dövründə digər Azərbaycan şəhərləri kimi dirçəlmiş, XIV əsrin II yarısında Çobani və Cəlairi əmirləri arasındakı dağıdıcı müharibələrdən zərər çəkmiş, Qızıl Orda xanı Toxtamışın və Əmir Teymurun yürüşləri zamanı qətl-qarətlə üzləşmiş, XVI əsrdə dəfələrlə əldən-ələ keçmiş, XVII əsrin I yarısında iki dəfə dağıntılara məruz qalmış Naxçıvan əski əzəmətini, Azərbaycanın siyasi-iqtisadi, mədəni həyatındakı aparıcı rolunu və mövqeyini itirmişdir. Hərbi-siyasi hadisələr Culfa, Ordubad, Əylis kimi mədəni mərkəzlərə də xeyli zərər yetirmişdi. Görkəmli memarların yaratdıqları yüzlərcə qiymətli tikinti və abidə ara müharibələri zamanı dağılmış, dövrümüzə qədər gəlib çatmamışdır. Çox zaman bunları yaradan sənətkarların və xalq ustalarının adı belə məlum olmamışdır. 

XVII əsrin II yarısından başlayaraq Naxçıvanın, Ordubadın, Culfanın şəhər həyatında müəyyən canlanma hiss olunmuşdur. Türk tarixçisi Övliya Çələbinin məlumatına görə, XVII əsrdə Naxçıvanda 20 min ev, 70 dini bina, 20 karvansara, 7 hamam və bazarlar mövcud idi. İmamzadə memarlıq kompleksi (XVI-XVII əsrlər), İsmayıl xan hamamı (XVIII-XIX əsrlər), Xan evi (XIX əsr), Ordubadda məscid və mədrəsələr, zorxana, hamam və karvansaralar tikilmiş, Ərasət meydanı ansamblı, örtülü bazar kompleksi salınmış, Dər, Dəstə, Əylis, Dırnıs, Gənzə, Vənənd kəndlərində türbə və məscidlər, digər memarlıq abidələri, tarixi binalar inşa edilmişdir. Ordubadda divarları gözəl rəsmlərlə bəzədilmiş XVIII əsrə aid memarlıq abidələri dövrümüzədək gəlib çatmışdır.

Əfsuslar olsun ki, daim ideologiya xatirinə tarixi saxtalaşdırmağa cəhd edən erməni "tədqiqatçıları" Sovet dövrünün siyasi və ideoloji atmosferindən məharətlə istifadə etmiş, mənfur "Böyük Ermənistan" planının tərkib hissəsi kimi "elmi" şantaj aksiyaları həyata keçirərək Naxçıvan torpaqlarına qarşı ərazi iddiaları irəli sürmüş və bu gün də bu iddiaları təbliğ etməkdədirlər. Belə ki, elmə və elmi metodologiyaya zidd olaraq qədim Azərbaycan abidələrinin yerləşdiyi Naxçıvan ərazisində saxta yollarla qəbir daşları basdırmış, sonradan bu "tapıntılar" ətrafında hay-küy qaldıraraq iddialarına dəlil göstərməyə çalışmışlar. Buradakı müxtəlif dövrlərə aid tarixi abidələrin fotolarını çəkdirmiş, onları sahiblənərək nəşr etdirdikləri uydurma məlumatlarla dolu məqalələr və albom xarakterli kitablarla dünya ictimaiyyətini yanıltmaqla məşğul olmuşlar. Lakin siyasiləşmiş erməni "tədqiqatçıları" Naxçıvandakı Azərbaycan abidələrinin maddi-mənəvi məhvində müvəffəq ola bilməmiş, onların uydurma iddiaları həqiqi alimlər tərəfindən tamamən çürüdülmüşdür. 

Bu gün Naxçıvan Muxtar Respublikasında xalqın milli və mənəvi sərvətlərinin, böyük tarixi dəyərə malik abidələrin tədqiqi, mühafizəsi və bərpası sahəsində bir sıra mühüm dövlət qərarları qəbul edilmiş, onların qorunub saxlanılması istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili" haqqında, "Nuh peyğəmbərin Naxçıvan şəhərində məzarüstü abidəsinin bərpa edilməsi" haqqında, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması" haqqında, "Naxçıvanşünaslıq Mərkəzinin yaradılması" haqqında, Ordubad "Gəmiqaya Tarix-Bədii Qoruğu" və Şərur "Arpaçay Tarix-Mədəniyyət Qoruğu"nun yaradılması haqqında müvafiq Sərəncamları tarixi abidələrimizin və mədəni irsimizin öyrənilməsi və təbliğinə mühüm töhfələr vermişdir.

Abidələrimizin tədqiq olunması və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə "Uluslararası qaynaqlarda Naxçıvan", 2009-cu ildə "Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan", 2011-ci ildə "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi", 2012-ci ildə "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzularında Beynəlxalq simpoziumların keçirilməsi beş minillik tarixi olan Naxçıvan şəhər mədəniyyətinin tədqiq olunmasında mühüm əhəmiyyətə malik olmuşdur. 2006-2012-ci illərdə muxtar respublikada aparılan araşdırmalar zamanı 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Bu abidələrdən 550-yə yaxını dünya və ölkə əhəmiyyətli, digərləri isə yerli əhəmiyyətlidir. Qeydə alınmış abidələrin əsasında "Naxçıvan Abidələri" Ensiklopediyası hazırlanmışdır. Bu ensiklopediya qədim abidələrimizin öyrənilməsi və beynəlxalq miqyasda tanıdılması üçün mühüm mənbədir.