Naxçıvan Muxtar Respublikası
Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Burada insanlar 500-300 min il bundan əvvəl yaşamışdır. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur.
Naxçıvan, həm də Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr vermişdir. Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar. X əsrdə “Naxçıvan şahlığı”, XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII-XIX əsrlərdə “Naxçıvan xanlığı”, XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir.
1924-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasına (1995-ci il) əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
Naxçıvanın muxtariyyət tarixi 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənəddə - Moskva və Qars müqavilələrində öz əksini tapmışdır. Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin isə 5-ci maddəsində muxtariyyətin əsasları, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının ərazisi 5,5 min kvadratkilometr, əhalisi 450 min nəfərdir (1 iyun 2017). Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan təşkil olunub. 5 şəhəri, 8 qəsəbəsi, 206 kəndi vardır.
Naxçıvan Muxtar Respublikasının sərhəddi Türkiyə Respublikası ilə 14 kilometr, İran İslam Respublikası ilə 204 kilometr, Ermənistanla 246 kilometr təşkil edir.
Naxçıvan Muxtar Respublikasının ali qanunverici hakimiyyət orqanı 45 deputatdan ibarət olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisidir. Ali Məclisin səlahiyyət müddəti 5 ildir. Azərbaycan Respublikası Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən muxtar respublika Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsidir. İcra hakimiyyətini Nazirlər Kabineti, məhkəmə hakimiyyətini isə muxtar respublikanın məhkəmələri həyata keçirirlər.
Naxçıvan Muxtar Respublikasında 3 ali təhsil müəssisəsi - Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, 3 orta ixtisas məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 5 peşə məktəbi və 216 ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.
Naxçıvan antik və orta əsrlər dövrünə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə - qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən muxtar respublika ərazisindəki 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır.
İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərini özündə yaşadan Naxçıvan Muxtar Respublikasında milli və mənəvi dəyərlərə hörmətlə yanaşılır, dini dəyərlər və adət-ənənələr qorunub saxlanılır, abidələr bərpa olunur. Bütün bunlar nəzərə alınaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur.