Şəhər və rayonlar
Naxçıvan şəhəri - Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Ərazisi 191,57 km2, əhalisi 131 min nəfərdir (01.01.2016-cı il).
Naxçıvan şəhərində 1 qəsəbə və 5 kənd vardır. Azərbaycanın ən qədim şəhərlərindəndir. Naxçıvandan Bakıyadək olan məsafə 536 kilometrdir. İqlimi kontinentaldır. Orta temperatur yanvarda - 3,80 C , iyulda 26,90 C, illik yağıntı 236 mm-dir.
İri sənaye, elm və mədəniyyət mərkəzi, mühüm dəmiryolu və avtomobil nəqliyyatı qovşağında yerləşir. Beynəlxalq Hava Limanı vardır.
Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Lisey, 3 ali, 3 orta ixtisas, 21 ümumtəhsil məktəbi, 7 məktəbdənkənar və 9 məktəbəqədər tərbiyə müəssisələri, 8 kitabxana, 4 klub müəssisəsi, 12 muzey, 7 musiqi məktəbi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Naxçıvan Dövlət Rəsm Qalereyası, İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Naxçıvan Turizm İnformasiya Mərkəzi, "Naxçıvan Mətbəxi" Kulinariya Mərkəzi, Naxçıvanşünaslıq Mərkəzi, 3 mədəniyyət və istirahət parkı, "Gənclik" Mərkəzi, Diaqnostika Müalicə Mərkəzi, Doğum Mərkəzi, 14 xəstəxana, 1 həkim ambulatoriyası, 3 Feldşer mama məntəqəsi, dövlət orqanları və digər xidmət infrastruktur obyektləri vardır.
Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, Naxçıvan Muxtar Respublikası Televiziya-Radio Ötürücü Mərkəzinin nəzdində isə "Kanal-35" televiziyası fəaliyyət göstərir.
2001-ci il sentyabr ayının 19-dan fəaliyyətə başlayan "Naxçıvanın səsi" radiosu 100.3 FM dalğasında 18 saat ərzində muxtar respublikanın bütün bölgələrində yayımlanır.
"Şərq qapısı" 1921-ci ildən ictimai-siyasi qəzet kimi dərc olunur. Təsisçisi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetidir.
Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan "Nuh yurdu" qəzeti 1996-cı ildən nəşr olunur. Qəzet öz növbəsində Naxçıvan şəhərinin ictimai-siyasi həyatında özünəməxsus rol oynayır.
Naxçıvan şəhərinin ərazisindən keçən avtomobil yolu birinci dərəcəli yol olmaqla uzunluğu 7 kilometrdir. Dəmir yolunun uzunluğu isə 1,6 kilometr olmaqla ikinci dərəcəli yoldur.
Şərur rayonu - 08 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. Şimal-şərqdə Ermənistan, cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 872,26 km2, əhalisi 113,4 min nəfərdir (01.01.2016-cı il). Mərkəzi Şərur şəhəridir. Rayonda 65 kənd vardır.
Rayon ərazisi dağlıq və maili düzənliklərdən ibarətdir. Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlimi vardır.
Rayon ərazisindən Araz, Arpaçay çayları axır. Rayonda Arpaçay Su Anbarı yerləşir. Əsasən kənd təsərrüfatı rayonudur.
Rayonda 57 ümumtəhsil məktəbi, peşə liseyi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 60 kitabxana, 67 klub müəssisəsi, 2 muzey, Arpaçay Tarix-Mədəniyyət qoruğu, 6 uşaq musiqi məktəbi, "Bahar" kinoteatrı, 1 mərkəzi rayon xəstəxanası, 1 kənd sahə xəstəxanası, 28 həkim ambulatoriyası, 32 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.
Tarixi və memarlıq abidələri
Şərur rayonu arxeoloji və tarixi memarlıq abidələri ilə zəngindir. Burada daş dövründən başlamış tarixin bütün mərhələlərinə aid abidələr mövcuddur.
Şərur ərazisində arxeoloji abidələr içərisində Qazma mağarası, Oğlanqala abidəsi, Qarasu qalası, Qız qalası, Parçı İmamzadəsi, Piri-Süleyman türbəsi, Yengicə hamamı xüsusi əhəmiyyət daşıyır.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Babək rayonu - 23 oktyabr 1978-ci ildə rayon kimi təşkil olunmuşdur. Şimal-qərbdə Ermənistan, cənubda İranla həmsərhəddir. Ərazisi 828,42 km2, əhalisi 73,3 min nəfərdir (01.01.2016-cı il).
Mərkəzi Babək qəsəbəsidir. Rayonda 36 kənd vardır.
Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir. Rayonun ən yüksək zirvəsi Buzqov dağıdır (2475 m). Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlim tipinə malikdir.
Rayon mineral sularla zəngindir. Sirab və Vayxır mineral su bulaqları bütün dünyada məşhurdur. Ərazisindən Araz, Naxçıvançay və s. çaylar axır. Rayonda Uzunoba, Nehrəm, Sirab, Cəhri, Qahab su anbarları və suvarma kanalları vardır. Əsasən kənd təsərrüfatı rayonudur.
Rayonda 36 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 38 kitabxana, 29 klub müəssisəsi, 1 xalq teatrı, 2 muzey, 5 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, doğum evi, 2 kənd sahə xəstəxanası, 14 həkim ambulatoriyası, 17 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar fəaliyyət göstərir.
Rayonda Babək rayon İcra Hakimiyyətinin orqanı olan "Şərqin səhəri" qəzeti nəşr olunur. Babək rayonu ərazisindən keçən avtomobil yolları respublika əhəmiyyətli və yerli əhəmiyyətli yollara aiddir. Respublika əhəmiyyətli yollar 166,5 km, yerli əhəmiyyətli yollar isə 267,5 km-dir.
Rayon ərazisindən Ordubad-Şərur dəmir yolu keçir.
Babək rayonunun ərazisi daş, duz, tikinti materialları və minerallar ilə zəngindir. Mineral bulaqlardan Sirab, Vayxır, Cəhri, Qahab və başqalarına bu bölgədə rast gəlinir.
Rayonda fauna və flora aləmi də zəngindir. Araz su qovşağının su anbarında müxtəlif növ balıqlar vardır.
Tarixi və memarlıq abidələri
Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir. Bununla yanaşı rayonda Abbasabad qalası da mövcud olmuşdur.
Bundan başqa rayon ərazisində elmi əhəmiyyətə malik Eneolit, Tunc, Dəmir dövrünə və Antik dövrə aid arxeoloji abidələr, qədim duzdağ yatağı, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir.
Son illər rayonun Çeşməbasar kəndində "Heydər" məscidi, Nehrəm, Qahab, Zeynəddin, Cəhri, Sirab kəndlərində və Babək qəsəbəsində memarlıq baxımından gözəl məscidlər inşa edilmişdir.
Rayonun mərkəzində Babəkin heykəli, "Şəhidlərin abidə kompleksi", Nehrəmdə "Şəhidlər abidə kompleksi", Çeşməbasarda "Şəhid bulağı", Tumbulda Böyük Vətən müharibəsi iştirakçılarının Xatirə Abidəsi ucaldılmışdır.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Ordubad rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. Cənubda İranla, şimal və şərqdə isə Ermənistanla həmsərhəddir. Ərazisi 978,99 km2, əhalisi 49,2 min nəfərdir (01.01.2016-cı il).
Mərkəzi Ordubad şəhəridir. Rayonda 3 qəsəbə, 43 kənd vardır.
Rayon ərazisi Zəngəzur dağ silsiləsi və Arazboyu düzənliklərdən ibarətdir. Ən yüksək zirvəsi Qapıcıq (3904 m) dağıdır. Yayı quraq və qışı soyuq keçən iqlim tipi vardır. Rayon ərazisindən Araz, Ordubad, Vənənd, Gilançay və s. çaylar axır. Əsasən kənd təsərrüfatı rayonudur.
Rayonda 37 ümumtəhsil məktəbi, 1 peşə liseyi, 5 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 47 kitabxana, 42 klub müəssisəsi, 5 muzey, "Gəmiqaya" Tarix Mədəniyyət qoruğu, Zəngəzur Milli Parkı, Ordubad Tarix-Memarlıq qoruğu, 2 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 12 həkim ambulatoriyası, 29 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir.
Rayon İcra Hakimiyyətinin orqanı olan "El həyatı" qəzeti nəşr olunur.
Naxçıvan-Ordubad magistral avtomobil yolunun uzunluğu Culfa rayonundan Ordubad şəhərinədək 25 km-dir.
Tarixi və memarlıq abidələri
Rayonun ərazisində miqyasına görə irili-xırdalı 100-dən artıq tarixi-memarlıq incəsənət abidələri və arxeoloji abidələr mövcuddur. Onların 30-dan çoxu dövlət tərəfindən qorunur.
Onlardan Ordubad şəhərindəki orta əsrlərə aid Sərşəhər məscidi, Anbars məscidi, Qeysəriyyə, Cümə məscidi, Mingis məscidi, Təkeşiyi məscidi, 48 kəhriz, XVI əsrin tarixi yadigarı olan hamam binası, Nüsnüs piri, Vənənd məscidi, XVIII əsrin yadigarı, qədim "İpək Yolu"nun üzərində olan Aza körpüsü, XVI əsrin arxeoloji qalıqları olan Xaraba Gilan, akademik Y. Məmmədəliyevin, böyük ədib M. S. Ordubadinin, Məhəmməd Tağı Sidqinin ev muzeyləri, Ordubad rayon Tarix Diyarşünaslıq Muzeyi və Gəmiqaya Muzeyı mövcuddur. Naxçıvan diyarında qədim insanın məskunlaşdığı əsas bölgələrdən biri olan Ordubad rayonunun ərazisi Daş dövründən başlayaraq orta əsrlərə qədərki abidələrlə zəngindir.
Gəmiqaya qayaüstü təsvirləri dəniz səviyyəsində 3904 m yüksəklikdə yerləşən Qapıcıq zirvəsinin cənub və qərb yamaclarındakı Nəbi yurdu, Camışölən və Qaranquş yaylaqlarındadır. Qaya təsvirlərinin toplandığı başlıca bölgə Qaranquş yaylağıdır. Burada e. ə. II-I minilliklərə aid Sabirkənd, Plovdağ, Xaraba Gilan, Şomudərə, Xalı-Kaşan, Mərdangöl və s. mədəniyyət qalıqları ilə zəngin yaşayış yerləri və nekropollar mövcuddur. Bu ərazilər Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay və Gilançay vadisində yaşamış qədim əkinçi-maldar tayfaların yaylaq yerləri olmuşdur. Ordubad rayonu ərazisində Gilan, Biləv, Parağa, Tivi, Nəsirvaz, Xurs və s. kəndlərdə də Tunc, ilk Dəmir dövrlərinə, antik dövrə, həmçinin erkən orta əsrlərə aid maddi mədəniyyət qalıqları mövcuddur.
Biləv kəndi yaxınlığında, Gilançayın sol sahilində yerləşən abidə xalq arasında Babək qalası, Gəmiqayada Qaranquş yaylağındakı qəbiristanlıq isə babəklilərin qəbirləri kimi tanınır.
Hazırda Tarix-Diyarşünaslıq Muzeyi yerləşən Qeysəriyyə memarlıq abidəsi ən nadir incilərdəndir. Özünün arxitektura xüsusiyyəti, ornamenti, kompozisiya quruluşu, tərtibatı ilə seçilən Qeysəriyyə həmişə diqqəti cəlb edən bir obyekt kimi nəzərə çarpıb.
Şəhərdəki XVI əsrin yadigarı Ordubad hamamı da qiymətli memarlıq incəsənət abidələrindəndir.
Şəhərdəki Əfqan qalası görünüşünə, tikinti üslubuna görə diqqəti cəlb edir.
Nüsnüs kəndində böyük ziyarətgaha çevrilmiş XVI əsrin yadigarı olan Nüsnüs piri (Qırxkimsənə piri) son illərdə xeyli abadlaşdırılmışdır. Pirə gedən yollar tam qaydaya salınıb. Respublikamızın bir çox rayonlarından, hətta bəzi xarici dövlətlərdən bu ziyarətgaha gələnlər xoş təəssürat alırlar.
Dəstə, Vənəd, Əylis, Nüsnüs və başqa kəndlərdə olan abidə məscidlər də təkcə dini ziyarətgah baxımından deyil, tikinti arxitektura xüsusiyyətlərinə görə də seçilir. Ordubad şəhərində və Əylis kəndində bir sıra bulaq abidələr vardır ki, onlar da dövlət tərəfindən mühafizə olunan obyektlərdəndir.
Şəhərdəki Qırxayaq, Nəhər, Əylis kəndindəki Xan çeşməsi, Meydan çeşməsi və Bazar çeşməsi bu abidələr sırasına daxildir.
Şəhərdəki Mingis qarşısında aşkar edilmiş 50 metr dərinliyi olan çeşmə də abidələr sırasına daxil edilmişdir.
Ordubad şəhərində 600-dən yuxarı yaşı olan böyük çinar ağacları bura gələnləri valeh edir. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Culfa rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. Şimal-şərqdə Ermənistan, cənubda isə İranla həmsərhəddir. Ərazisi 926,3 km2, əhalisi 45,6 min nəfərdir (01.01.2016-cı il).
Mərkəzi Culfa şəhəridir. Rayonda 22 kənd vardır.
Rayon ərazisi Zəngəzur dağ silsiləsi, Arazboyu və Culfa düzənliklərindən ibarətdir. Ən yüksək zirvəsi Dəmirlidağdır (3364 m). Darıdağ, Nəhəcir və s. mineral sular çıxır. Yayı quraq isti, qışı soyuq keçən iqlim tipi vardır. Rayon ərazisindən Araz, Əlincə və s. çaylar axır. Rayonda Bənəniyar su anbarı yerləşir.
Rayonda 26 ümumtəhsil məktəbi, 1 peşə liseyi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 29 kitabxana, 37 klub müəssisəsi, 2 muzey, 2 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 14 həkim ambulatoriyası, 8 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar fəaliyyət göstərir.
Culfa Rayon İcra Hakimiyyətinin orqanı olan «Arazın səsi» qəzeti 1935-ci ildən nəşr olunur.
Culfa rayonunun ərazisindən keçən dəmir yolunun uzunluğu 85 kilometrdir. Avtomobil yolunun uzunluğu isə 273 kilometrdir.
Culfa rayonunda Gülüstan türbəsi, Daş körpü, Ərəfsə piri, Xanəgah Memarlıq Kompleksi, Kırna cümə məscidi, Əshabi-Kəhf Ziyarətgahı, Qazançı qalası, Qazançı körpüsü, Şeyx Xorasan Xanəgahı, Əlincəqala kimi tarixi-memarlıq abidələri vardır.
Son dövrlərdə rayonun ərazisində olan tarix-memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Kəngərli rayonu - 19 mart 2004-cü ildə rayon kimi təşkil olunmuşdur. Cənub və cənub-qərbdə İran, şimal və şimal-şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 704,89 km2, əhalisi 31,4 min nəfərdir (01.01.2016-cı il).
Mərkəzi Qıvraq qəsəbəsidir. Rayonda 10 kənd vardır.
Rayon ərazisi Dərələyəz dağ silsiləsi və Kəngərli düzündən ibarətdir. Ən yüksək zirvəsi Keçəltəpə (2744 m) dağıdır. Burada kontinental iqlim tipi hakimdir.
Rayonda 12 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 kitabxana, 12 klub müəssisəsi, 2 muzey, 2 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 5 həkim ambulatoriyası, 5 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.
Kəngərli rayon İcra hakimiyyətinin orqanı olan "Yeni həyat" qəzeti nəşr olunur.
Rayonun ərazisində olan avtomobil yollarının ümumi uzunluğu 148,5 km-dir. O cümlədən, respublika əhəmiyyətli yolların uzunluğu 71 km, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 77,5 km-dir.
Rayon ərazisində Qarabağlar türbəsi, Qıvraq məscidi, Qıvraq hamamı, Çalxanqala arxeoloji abidəsi, Çalxanqala abidə divarları, Çalxanqala türbəsi, Şahtaxtı Govur qalası kimi tarixi-memarlıq abidələri vardır.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Şahbuz rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək rayonu) rayonuna verilmiş, 6 yanvar 1965-ci ildə yenidən təşkil olunmuşdur. Şimal və şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 836,58 km2, əhalisi 24.8 min nəfərdir (01.01.2016-cı il).
Mərkəzi Şahbuz şəhəridir. Rayonda 1 qəsəbə, 22 kənd vardır.
Rayon ərazisinin böyük hissəsi Zəngəzur və Dərələyəz dağ silsilələrinin yamaclarında yerləşir. Ən yüksək zirvəsi Salvartı (3160 m) dağıdır. Yayı quraq keçən soyuq iqlim tipinə malikdir.
Rayon ərazisində Naxçıvançay və onun qolları Kükü, Şahbuz, Salvartı çayları axır. Rayonda Heydər Əliyev Su Anbarı, Qanlıgöl və Batabat gölləri vardır. Əsasən kənd təsərrüfatı rayonudur. Arıçılıq və heyvandarlıq inkişaf etmişdir.
Rayonda 23 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 28 kitabxana, 26 klub müəssisəsi, 2 muzey, Şahbuz Dövlət Təbiət Qoruğu, 2 uşaq musiqi məktəbi, "Araz" kinoteatrı, 1 Mərkəzi Rayon xəstəxanası, 12 həkim ambulatoriyası, 10 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir.
Rayon İcra Hakimiyyətinin orqanı olan "Oğuz səsi" qəzeti nəşr olunur.
Rayonun ərazisindən keçən avtomobil yollarının uzunluğu 282 kilometrdir. Dövlət əhəmiyyətli yolların uzunluğu 109 kilometr, yerli əhəmiyyətli yolların uzunluğu 173 kilometrdir.
Rayon ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri, qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Kükü çayı vadisində eradan əvvəl III minilliyə aid yaşayış yerləri mövcuddur. Tədqiqatçılar tərəfindən Sarıdərə, Ağbulaq, Kolanı, Kükü, Külüs, Şamlar qədim yaşayış yerləri öyrənilmişdir. Aşkar olunmuş mədəniyyət nümunələri, qəbirlər, sikkə nümunələri eramızın əvvəllərində ərazidə böyük mədəniyyətin olduğunu sübut edir.
Rayon ərazisində Fərhad evi, Şapur qalası, Gəlin qayası kimi tarix-memarlıq abidələri vardır.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Sədərək rayonu - 28 avqust 1990-cı ildə rayon kimi təşkil olunmuşdur. Cənub-qərbdən Türkiyə ilə, şimal-qərbdən Ermənistanla həmsərhəddir. Ərazisi 163,74 km2, əhalisi 15.6 min nəfərdir (01.1.2016-cı il).
Mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda 3 kənd vardır.
Rayon ərazisi dağlıq və düzənliklərdən ibarətdir. Dəhnə və Vəlidağ yüksəklikləri vardır.
Rayon ərazisindən Araz, Qaraçay və Çapan çayları axır. Əsasən kənd təsərrüfatı rayonudur.
Rayonda 4 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 5 kitabxana, 4 klub müəssisəsi, 1 muzey, 1 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 1 həkim ambulatoriyası, 1 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.
Sədərək rayon İcra hakimiyyətinin orqanı olan «Oğuz yurdu» qəzeti 2000-ci ildən nəşr olunur.
Sədərək rayonundan Vəli dağ dəmir yolu stansiyasına qədər olan dəmir yolunun uzunluğu 15 kilometrdir.
Eneolit və ilk tunc dövrünə aid edilən Qədim yaşayış yeri Sədərəyin cənubunda yerləşir.
Ağoğlan türbəsi Sədərək kəndinin şimalında ziyarətgahdır. Bununla yanaşı rayon ərazisində orta əsrlərə aid edilən Sədərək yaşayış yeri, son tunc ilk dəmir dövrünə aid edilən Sədərək qalası, VI-VIII əsrlərə aid edilən Qırmızıtəpə yaşayış yeri, Sədərək məscidi, Çapacaq kurqanıkimi tarix-memarlıq abidələri vardır.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.