Came məscidi

(ХVIII əsr)

 

      Naxçıvanda yaradılan memarlıq abidələrindən böyük bir qismini ibadət yerləri - məscidlər təşkil edir. Müsəlmanların ibadət və təhsil yerləri kimi yaranan məscidlərdən biri də Naxçıvan şəhər Came məscididir. Came məscidi şəhərin mərkəzində yerləşir. XVIII əsrdə Məhəmməd Təqi tərəfindən inşa olunan, xalq arasında “Şəhər məscidi” kimi tanınan Came məscidi sovet hakimiyyəti illərində, ateizm təbliğatına geniş rəvac verildiyi bir dövrdə Naхçıvanda fəaliyyət göstərən yeganə məscid idi. Məscid sovet hakimiyyətindən əvvəlki dövrlərdə şəhərin sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamışdır.

      Ümumi sahəsi təxminən 1000 kvadratmetr olan məscid inşa edildiyi zaman onun qərbdən giriş qapısının baş tərəfində kitabə qoyulmuşdu. Mərmər lövhə üzərində (ölçüsü: 87х57х12 sm) həkk edilmiş kitabənin mətnindən aydın olur ki, məscid naхçıvanlı Hacı Novruzun oğlu Xeyrül-Hac Hacı Məhəmməd Cəfər ağanın səyi ilə inşa edilmişdir.

      Məscid bir minarəlidir. Ermənilər 1918-ci ildə Naxçıvanda yerli əhaliyə qarşı soyqırım tətbiq edərkən top atəşi ilə minarəni zədələmişlər. Görkəmli rəssam Bəhruz Kəngərlinin 1920-ci ildə naturadan çəkdiyi rəsmdə bu zədə aydın görünür.

         Came məscidi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2007-ci ildə əsaslı bərpa olunmuşdur.

 

Heydər məscidi

(1996-cı il)

 

      Heydər məscidi müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasında inşa edilən ilk məscidlərdən biridir. Məscid Şərur rayonunun Aşağı Aralıq kəndində yerləşir. Özünəməxsus memarlıq üslubuna malik olan iki mərtəbəli məscid 1996-cı ildə inşa olunmuşdur.

      419 kvadratmetr sahəsi olan ərazidə yerləşən Şərq memarlıq elementlərini özündə əks etdirən, müasir üslubda inşa edilən məscidin ümumi sahəsi 155 kvadratmetrdir. Məscidin həyəti dini simvollar, nəbati və həndəsi naxışlarla bəzədilmiş dəmir məhəccərlərlə əhatə olunmuşdur. Bu məscid Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfinə “Heydər məscidi” adlandırılmışdır. Binanın günbəzində göy kaşılarla “HEYDƏR MƏSCİDİ” sözləri, əsas giriş qapısının baş tərəfində isə Qurani-Kərimdən ayələr yazılmış kitabə qoyulmuşdur. 

      Məscidin birinci mərtəbəsinin hündürlüyü beş metr, ikinci mərtəbəsinin hündürlüyü isə üç metrdir. Məscidin ümumi hündürlüyü on metrdir. Dörd sütunludur. Bir günbəzli məsciddə altmış qadın, yüz kişi olmaqla yüz altmış nəfər eyni vaxtda ibadət edə bilər. İki minarəli məscidin minarələrinin hündürlüyü on beş metrdir.

Şərur şəhər məscidi

(2009-cu il)

      Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasında insanların ibadət yeri olan məscidlərin inşasına da dövlət səviyyəsində xüsusi diqqət yetirilmiş, bir sıra yeni məscidlər inşa olunmuşdur. Belə məscidlərdən biri də Şərur şəhər məscididir. Şərur şəhərinin mərkəzində yerləşən iki mərtəbəli məscid 2009-cu ildə inşa edilmişdir.

      Qədim və müasir Şərq memarlıq ənənələrini özündə birləşdirən məscidin ümumi sahəsi 900 kvadratmetr, həyəti isə 0,5 hektardır. Məscidin birinci mərtəbəsinin hündürlüyü səkkiz metr, ikinci mərtəbəsinin hündürlüyü isə üç metrdir. Məscidin ümumi hündürlüyü iyirmi metrdir. Dörd sütunludur. Divarlarının qalınlığı 80 santimetr olan məscidin üç günbəzi vardır. Məsciddə 100 qadın, 300 kişi olmaqla 400 nə­fər eyni zamanda ibadət edə bilir. Zaldan əlavə məsciddə dörd otaq mövcuddur. Girişi şimal-şərqdən olan məscid iki minarəlidir. Minarələrin hündürlüyü 30 metrdir.

 

Cilovxanlı məscidi

(ХV əsr)

 

      Naxçıvan Muxtar Respublikası ərazisində orta əsrlər zamanı yaradılan türk-islam mədəniyyəti nümunələri içərisində kəndlərdə inşa olunmuş məscidlər də xüsusi yer tutur. Belə məscidlərdən biri də Babək rayonundakı Cilovxanlı məscididir.

      XV əsrdə inşa olunmuş məscid Babək rayonundakı Cəhri kəndinin Cilovxanlı məhəlləsində yerləşir. Daşdan inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Məscid dördkünc formalı böyük salondan ibarətdir. Daxildə qadınlar üçün ikinci mərtəbə düzəldilmişdir. Qapı və pəncərələr yuxarıdan tağ şəkilli tamamlanmışdır. Mehrabı tağ şəkilli taxçadan ibarətdir. Məscidin ətrafında tapılan orta əsrlərə aid şirli və şirsiz keramika məmulatları göstərir ki, məscidin əsası XV əsrdə qoyulmuşdur.

         1988-ci ildə məsciddə bərpa işləri aparılmışdır.

 

Nehrəm kənd məscidi

(2016-cı il)

 

      Müstəqillik dövründə Naxçıvanda inşa olunmuş məscidlər sırasında Şərq memarlıq üslubunda inşa edilən və 2016-cı ildə istifadəyə verilən Nehrəm kənd məscidinin özünəməxsus yeri vardır.

      Məscid Babək rayonunun Nehrəm kəndində yerləşir. Bir mərtəbəli məscidin ümumi hündürlüyü 6,5 metrdir. Ümumi sahəsi 350 kvadrat metrdir. Dörd sütunludur. Divarlarının qalınlığı 60 san­timetrdir. Məscid bir günbəzlidir. Günbəzin hündürlüyü 3,8 mertdir. Məsciddə 170 qadın, 180 kişi olmaqla 350 nəfər eyni vaxtda ibadət edə bilər. Məsciddə zaldan əlavə bir otaq var. Girişi şimal-şərqdən olan məscid bir minarəlidir. Minarənin hündürlüyü 24 metrdir.

 

Heydər məscidi

( 1996-cı il)

 

      Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin şərəfinə inşa edilən məscidlərdən biri də Babək rayonunun Çeşməbasar kəndində yerləşir. İki mərtəbəli məscidin birinci mərtəbəsinin hündürlüyü üç metr, ikinci mərtəbəsinin hündürlüyü isə 2,5 metrdir. Məscidin ümumi hündürlüyü altı metrdir. Ümumi sahəsi 72 kvadrat metr olan məscid dörd sütunludur. Divarlarının qalınlığı 70 santimetrdir. Məsciddə 120 nəfər eyni zamanda ibadət edə bilər. Girişi şimaldan olan məscid bir günbəzli və bir minarəlidir. Minarənin hündürlüyü on iki metrdir. Məscidin həyətində dini mərasimlərin keçirilməsi üçün əlavə zal inşa edilmişdir.

      Məscid 2015-ci ildə təmir olunmuşdur.

Qırx kimsənə məscidi

(ХIV əsr)

      Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılmış türk-islam mədəniyyəti nümunələrindən biri də XIV əsrə aid “Qırx kimsənə” məscididir. Оrdubad  rayonunun Nüsnüs kəndində yerləşən və yerli əhali arasında “Qırx kimsənə” adlanan bu məscid həm də ziyarətgahdır. Məscidin binasının оrtasında birinci mərtəbədən başlayaraq qalxan, daşdan hündürlüyü təxminən beş metr оlan bir sütun vardır. 

      Məscidin birinci mərtəbəsində yerləşən ziyarətgahın giriş qapısı  üzərində  ərəb dilində dоqquz sətirdə həkk edilmiş kitabənin mətnindən aydın olur ki, bu məscid Səid Bahadır xanın səltənəti dövründə (1316-1335-ci illər)  Atabəyin candarı Sədr bin Sarim bin Səncər bin Aytəkin tərəfindən inşa edilmişdir. Kitabə hicri təqvimi ilə çərşənbə axşamı, 4 ramazan 726-cı ildə (4.08.1326) yazılmışdır. Kitabədə verilən məlumatdan aydın оlur ki, Naxçıvan ərazisi Hülakilər dövlətinin sоn dövrlərində də həmin dövlətin tərkibində оlmuşdur.

      Məscid 1993-cü ildə bərpa edilmişdir.

Ordubad şəhər Came məscidi

(ХVII əsr)

 

      Orta əsrlərdə iri yaşayış məskənlərində inşa etdirilən məscidlər içərisində Came məscidləri xüsusi yer tuturdu. Öz möhtəşəmliyi ilə diqqəti cəlb edən belə məscidlərin ən gözəl nümunələrindən biri Ordubad şəhər Came məscididir. Came məscidi şəhərin mərkəzində, yüksək ərazidə inşa olunmuşdur.

      Məscidin planında mərkəzi yeri tutan ibadət salonu onun ən qədim hissəsi kimi diqqəti cəlb edir. Daхili sahəsi təхminən 400 kvadratmetr olan, gözəl memarlıq üslübunda inşa edilən məscidin tavanı sütunlar üzərində qərar tutmuşdur. Tavanın hündürlüyü təхminən beş metrə yaхındır. 1902-ci ildə məsciddə təmir və bərpa işləri aparılarkən onun qərb tərəfində əlavə bir salon da tikilmişdir. Uzunluğu 25 metr, eni 6,5 metr olan bu  salon qadınlar üçün nəzərdə tutulmuşdur. Salon bir neçə pəncərə ilə yüksək səviyyədə işıqlandırılır. Daхili divarlar rənglə gəc üzərində gözəl хətlərlə yazılmış Quran ayələri, hədislər, dini mətnlər və kitabələrlə bəzədilmişdir. Bu iş təkcə qadınlara məхsus salonda deyil, ümumiyyətlə məscidin bütün salon və otaqlarının daхili divarlarında həyata keçirilmişdir.

      Kitabələrdən  aydın olur ki, məscid təmir olunarkən bu kitabələri müctəhid Ağaəlinin oğlu Hacı Məhəmməd Tağı yazmış, nəqqaşlıq işlərini Kərbəlayı Zeynalabidin Nəqqaş Abdullazadə yerinə yetirmişdir.Məsciddə aparılan tikinti və bərpa işləri isə ordubadlı Ağa Mirzəbabanın oğlu Hacı Məhəmmədqulu ağanın vəsaiti ilə həyata keçirilmişdir. Məscidin şərqdən giriş qapısının baş tərəfində qoyulmuş kitabə Səfəvi hökmdarı I Şah    Abbasın şəhər əhalisinin bir sıra vergilərdən azad edilməsi haqqında 1604-cü il tariхli fərmanının mətnindən ibarətdir.

      1902-ci ildə Came məscidində bərpa işləri aparılarkən tapılan və üzərində hicri 111-ci il (miladi, 729) tarixi yazılan ki­tabəyə əsasən ehtimal etmək olar ki, məscidin əsası VIII əsr­də qoyulmuş, XVII əsrdə yenidən qurulmuşdur.

 

Əbrəqunus məscidi

(2013-cü il)

 

      Müstəqillik dövründə Naxçıvan ərazisində inşa edilən məscidlərdən biri də Əbrəqunus məscididir. Məscid Culfa     rayonunun Əbrəqunus kəndində yerləşir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və himayəsi ilə 2013-cü ildə inşa edilmişdir.

      Bir mərtəbəli məscidin ümumi sahəsi 320 kvadratmetrdir. Məscidin hündürlüyü 5,2 metrdir. Dörd sütunludur. Divarlarının qalınlığı isə 40 santimetrdir. Bir günbəzli məsciddə 220 nəfər eyni zamanda ibadət edə bilir. Girişi şimaldan olan məsciddə zaldan əlavə 4 otaq mövcuddur. Bir minarəlidir. Minarənin hündürlüyü 24 metrdir. Məscidə 1300 metrlik məsafədən içməli su xətti çəkilmişdir.