Möminə Xatın türbəsi
(1186-cı il)
Naxçıvanın türk-islam mədəniyyəti abidələrinin ən möhtəşəm nümunələrindən biri də Naxçıvan şəhərinin mərkəzində, "Əcəmi seyrəngahı"nda yerləşən, görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunan Möminə Xatın türbəsidir. Abidə yeraltı sərdabə və yerüstü türbədən ibarətdir. Daxildən dairəvi olan abidə xaricdən on üzlüdür. Yarandığı zaman hündürlüyü təxminən 35 metr olan türbənin yuxarı hissəsi aşınaraq uçub dağılmış, indiyədək yalnız 25 metr hündürlüyündə gövdə qalmışdır. Azərbaycan Atabəyləri dövlətinin banisi Atabəy Şəmsəddin Eldəniz 1175-ci ildə vəfat etmiş arvadı Möminə Xatının xatirəsinə bu türbənin tikilməsini əmr etmişdir. Ancaq o özü də arvadından az sonra vəfat etdiyi üçün bu işi oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan başa çatdırmışdır. Türbənin sərdabəsində Möminə Xatından sonra Atabəy Şəmsəddin Eldəniz və oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan da dəfn olunmuşdur.
Türbənin üzərində olan əsas kitabədə türbənin təyinatı ilə əlaqədar verilən məlumatlarla yanaşı "Biz gedirik ancaq qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar! İlahi, bəd nəzərdən uzaq elə!" sözləri yazılmışdır. Türbə üzərində yazılan digər kitabələrdən aydın olur ki, abidənin tikintisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən hicri təqvimi ilə 582-ci ilin məhərrəm ayında (aprel, 1186-cı il) başa çatmışdır.
Azərbaycan xatirə abidələri içərisində öz gözəlliyi, kompozisiya xüsusiyyətləri, dekorativ bəzəkləri ilə seçilən, yüksək sənət əsəri və orta əsr Azərbaycan memarlığının şah əsəri olan Möminə Xatın türbəsi dünyanın möhtəşəm memarlıq abidələri sırasında özünəməxsus yer tutur. Məhz buna görə də görkəmli sənətşünas, professor V.Alpatov türbə haqqında yazırdı ki, belə yüksək forma duyğusuna, kompozisiyanın klassik kamilliyinə və icra mükəmməlliyinə həmin dövrün Avropa memarlığında təsadüf olunmur.
Möminə Xatın türbəsi mükəmməl sənət nümunəsidir. Türbənin tağları boyunca Qurani-Kərimin Yasin surəsi haşiyə şəklində iki dəfə, tağlarının hamısının baş tərəfində isə Qurani-Kərimin "Hakimiyyət vahid, qadir Allaha məxsusdur" ayəsi yazılmışdır. Türbənin daxilində, bir neçə metr yüksəklikdə qurşaq şəklində yazılan kitabədə Qurani-Kərimin "Bəqərə" surəsinin 255-ci ayəsi - "Ayətəl-kürsü" həkk edilmişdir.
Türbənin daxilində, günbəzin səthində diametri təxminən 1,5 metr olan dörd ədəd dairəvi medalyon vardır. Birinci medalyonda 8 dəfə "Məhəmməd", ikinci medalyonda "Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli", üçüncü medalyonda "Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli, Fatimə, Həsən, Hüseyn", dördüncü medalyonda isə "Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli", medalyonların hamısının mərkəzində isə "Allah" sözü yerləşdirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Möminə Xatın türbəsinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "...Bu abidənin qiyməti yoxdur. Möminə Xatın türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir".
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 2003-cü ildə Möminə Xatın türbəsində bərpa işləri aparılmışdır.