Naxçıvan şəhər buzxanası

(ХII-XIV əsrlər)

 

Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində orta əsr Azərbaycan memarlığının nadir nümunələrindən sayılan buzxanaların xüsusi yeri vardır. Özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilən belə abidələrdən biri Naxçıvan şəhərinin cənub tərəfində, İmamzadə kompleksinin yaxınlığında yerləşən XII-XIV əsrlərə aid buzxanadır. Azərbaycan ərazisində ən böyük buzxanalardan biri olan abidə planda düzbucaqlı formada inşa olunmuşdur. Uzunluğu 20 metr, eni 9 metr, hazırkı vəziyyətdə hündürlüyü 9,6 metrdir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir.

Naxçıvan buzxanasının yüksək səviyyəli, mükəmməl həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə, XII-XIV əsrlərdə tikildiyini göstərir. Buzxanalar qədim dövrlərdə havaların isti vaxtlarında əhalinin buza olan tələbatını ödəmişdir. Naxçıvan buzxanası ötən əsrdə məişətdə soyuduculardan istifadənin genişlənməsi nəticəsində fəaliyyətini dayandırmışdır.

Zaman keçdikcə güclü aşınmaya məruz qalmış buzxana Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2013-cü ildə bərpa olunmuşdur.