Zaviyə-mədrəsə

(ХVIII əsr)

 

VII əsrdən sonra Naxçıvan ərazisində müxtəlif sufi təriqətlərinə mənsub mərkəzlər, o cümlədən zaviyələr, həmçinin savadlı kadrlara olan tələbatı ödəmək məqsədi ilə mədrəsə binaları da inşa olunmuşdur. Zaviyələr həm ibadət və zikr yerləri, həm də təhsil mərkəzləri olduğundan Zaviyə-mədrəsə binaları da yaradılırdı. Naxçıvanda zəmanəmizədək xüsusi memarlıq üslubunda inşa edilən belə nümunələr də qalmışdır. Bu cəhətdən Naxçıvanın türk-islam mədəniyyəti nümunələri sırasında özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olan Zaviyə-mədrəsə binası xüsusi yer tutur. Zaviyə-mədrəsə binası Naxçıvan şəhərinin Zaviyə məhəlləsində yerləşir. Ərəbcə "guşə", "künc", "bucaq" mənasını verən "zaviyə" adı orta əsrlərdə yaşayış, ibadət, zikr və təhsil mərkəzlərinə də verilmişdir.

XVIII əsrdə inşa edilən Zaviyə-mədrəsə binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən bir metr hündürlükdə kürsülük üzərində yerləşdirilmişdir. Ümu­mi sahəsi 212 kvadratmetrdir. İstər plan quruluşu, istərsə də ayrı-ayrı hissələrin formasına görə Naxçıvandakı digər dini binalardan tamamilə fərqlənir.

Zaviyə-mədrəsə binası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2008-ci ildə əsaslı şəkildə təmir və bərpa olunmuşdur.