Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilib. Bu, muxtar respublikamızın, ölkəmizin, ümumilikdə isə İslam dünyasının mədəni həyatında yaddaqalan bir hadisə olacaq.
Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı keçiriləcək tədbirlərdə muxtar respublikanın mədəniyyətinin, onun zəngin turizm potensialının tanıdılması ilə yanaşı, həm də istehsal olunan məhsullarımızın təkcə İslam ölkələrində deyil, eyni zamanda dünyanın bir çox ölkələrində təbliği baxımından əhəmiyyətlidir. Bu baxımdan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” loqosu ilə satışa çıxarılan “Naxçıvan Məhsulları” MMC-nin istehsalı olan və nəfis şəkildə qablaşdırılmış hədiyyəlik meyvə qurusu məhsulları şəhərimizə gələn turistlər və yerli sakinlər tərəfindən maraqla qarşılanacaq.
Ötən ildən başlayaraq “Naxçıvan Məhsulları” MMC-də, ümumilikdə, 25-dən artıq çeşiddə meyvə quruları istehsal olunub qablaşdırılır. Bu məhsullardan 9 çeşidinin üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu yer almaqdadır. Alma, şaftalı, gavalı, qovun və digər yüksəkkeyfiyyətli Naxçıvan meyvə-tərəvəzlərinin xüsusi avadanlıqda qurudularaq qablaşdırıldığı bu məhsullar alıcılar tərəfindən böyük maraqla qarşılanır.
Qeyd edək ki, yüksək keyfiyyət standartlarına cavab verən, 90 və 250 qramlıq paketlərdə istehsal edilən bu məhsullar muxtar respublikamızın ticarət obyektlərindən başqa, ölkəmizin paytaxtına, habelə Türkiyə Respublikasına da göndərilir. Gələcəkdə bu məhsulların Rusiya və Ukraynaya da ixrac edilməsi nəzərdə tutulur.
Əli CABBAROV