Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir

Noyabrın 25-də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün biz Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı toplaşmışıq. Artıq 15 ildir ki, “İslam mədəniyyətinin paytaxtı” anlayışı gündəlikdədir. Bununla bağlı ilk rəsmi sənəd İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş üçüncü konfransında qəbul edilmişdir. İSESKO-nun qərarı ilə 2007-ci ilin no­yabrında keçirilmiş beşinci konfransda Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qeyd olunanlar, eləcə də 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyəti paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradıldığını diqqətə çatdırmış, gös­tərilən etimada görə bir daha Təşkilat Komitəsi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamında Təşkilat Komitəsi tərəfindən Tədbirlər Planının hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi tapşırılmışdır. Bu gün Təşkilat Komitəsi üzvlərinin təklifləri nəzərə alınmaqla hazırlanmış Tədbirlər Planının layihəsi müzakirəyə təqdim olunur. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov qarşıda duran vəzifələrdən danışaraq demişdir: Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar bu gündən hazırlıq işlərinə başlayırıq. İlk olaraq “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi hazırlanacaq və rəsmi internet səhifəsi yaradılacaqdır. Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən video çarxlar, suvenirlər, zərf və poçt markaları da hazırlanmalıdır. 2018-ci ildə muxtar respublikada keçiriləcək tədbirlərdə İslam ölkə­lərinin nümayəndələri də iştirak edəcəkdir. Tədbir iştirakçılarının, eləcə də onları müşayiət edən şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı zəruri məsələlər həll edilməlidir. Təşkilat Komitəsinin bu sahələr üzrə aid üzvləri bununla bağlı lazımi tədbirləri Tədbirlər Planına uyğun olaraq nəzarətdə saxlayacaqlar. Muxtar respublika türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngindir. Bu abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin İSESKO-nun siyahısına salınması istiqamətində iş aparmalıyıq. Nəzərdə tuturuq ki, muxtar respublikanın dini abidələri, məscid və ziyarətgahları haqqında kitablar nəşr olunsun. Bununla bərabər milli-mənəvi dəyərlərimizə həsr olunmuş sənədli və televiziya filmlərinin hazırlanması da vacib məsələdir. Eyni zamanda Təşkilat Komitəsi elmi-kütləvi tədbirlərin də təşkilini diqqətdə saxlayacaqdır. Naxçıvanda “İslam filmləri həftəsi”nin keçirilməsi, islam ölkələrinin folklor və rəqs qruplarının iştirakı ilə festivalların, idmançılar arasında isə müxtəlif idman yarışlarının keçirilməsi nəzərdə tutulur. 

Sonra Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsindən ötən dövrdə görülmüş işlər və 2016-2018-ci illərdə bu sahədə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilmiş, Təşkilat Komitəsi üzvlərinin təklifləri nəzərə alınmaqla hazırlanmış Tədbirlər Planının layihəsi müzakirə olunmuşdur. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev çıxış edərək demişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması və bu sahədə görülən hazırlıq işləri İslam Ölkə­lərinin Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESKO) tərəfindən yüksək qiymətləndirilir. Təşkilat Komitəsinin ilk iclasının Naxçıvanda keçirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası tarixi və dini-mədəni abidələrlə zəngindir. Muxtar respublikada islami dəyərlərin yaşadılması sahəsində ardıcıl tədbirlər görülür. Təşkilat Komitəsinin üzvləri Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı müəyyənləşdirilən vəzifələrin icrasını bundan sonra da diqqətdə saxlayacaqlar. 
Müzakirələr zamanı Təşkilat Komitəsinin üzvlərindən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü İsa Həbibbəyli, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Vasim Məmmədəliyev və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü Səyyad Salahlı çıxış edərək təkliflər vermişlər. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təşkilat Komitəsi üzvlərinin müzakirə zamanı verdikləri təkliflərin də nəzərə alınaraq Tədbirlər Planının yenidən işlənməsini tapşırmışdır.