İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olmuşlar.
“Naxçıvan” Universitetində keçirilən konfrans Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, AMEA Naxçıvan Bölməsi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və “Naxçıvan” Universiteti tərəfindən təşkil edilib.
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində və Naxçıvan Muxtar Respublikasının Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın 2018-ci il üçün iş planının icrası ilə əlaqədar olaraq keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “İslam dini və ailə dəyərləri: dövlət siyasətinin tərkibi kontekstində” mövzusunda çıxış edib. Bildirib ki, ailə dəyərlərinə və cəmiyyətin dini-mənəvi ehtiyaclarına son dərəcə qayğı ilə yanaşan ümummilli lider ölkəmizə rəhbərliyinin hər iki dövründə ailə siyasətinin formalaşdırılmasına xüsusilə diqqət yetirib, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib, möhkəm qanunvericilik bazasının yaradılmasına böyük töhfə verib. Reallaşdırılan məqsədyönlü siyasət nəticəsində ölkəmizdə milli dəyərlərimizə əsaslanan ailə modeli qorunub saxlanılıb.
Ulu öndərin əsasını qoyduğu siyasi xətt bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi münasibətilə ebru sənətçisi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutçugilin əsərlərindən ibarət “Allahın gözəl adları” mövzusunda sərgisi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkil etdiyi sərginin açılış mərasimində çıxış edən muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, bu gün muxtar respublikada milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır.
Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Belə bir əlamətdar ildə türk-islam mədəniyyətinin dərin məzmunlu nümunələrindən olan ebru sənətinə aid bu möhtəşəm sərginin təşkili İslam mədəniyyəti ilə səsləşən mühüm mədəniyyət hadisəsidir. Sərgidə müəllifin 47 əl işi sərgilənir.